Bağışlanma duası (istiğfar)

Seyyidul-istiğfar və sünnədəki digər bağışlanma diləmə sözləri.

1 Bir dəfə

اللَّهُمَّ أَنْتَ رَبِّي لَا إِلَهَ إِلَّا أَنْتَ خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ

Mənası və mənbəyi

Şəddəd bin Əvsdən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Seyyidul-istiğfar (istiğfarın seyyidi) "Allahummə əntə Rabbi ləə iləhə illə əntə, xaləqtəni və ənə abdukə və ənə alə əhdikə və vədikə məstətatu, əuzu bikə min şərri mə sanətu, əbuu ləkə binimətikə aləyyə və əbuu ləkə bizənbi, fəğfir li, fəinnəhu lə yəğfiruz-zunubə illə əntə" (Allahım, Sən mənim Rəbbimsən, Səndən başqa haqq məbud yoxdur, məni Sən yaratdın, mən də Sənin qulunam, bacardığım qədər Sənin əhdinə və vədinə sadiqəm. Etdiklərimin şərrindən sənə sığınıram. Sənin üzərimə olan nemətini və günahlarımı etiraf edirəm. Məni bağışla, çünki Səndən başqa heç kim günahları bağışlamaz”) - söyləməyindir. Kim bunu əminliklə gündüz desə və o gün axşamdan əvvəl ölsə, Cənnət əhlindən olar, kim bunu gecə əminliklə desə və səhərə çıxmamış ölsə o, Cənnət əhlindən olar".

Əl-Buxari rəvayət etdi Dərəcəsi: Səhih

İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, istiğfarın (bağışlanmaq istəməyin) bir neçə sözləri vardır və onların ən üstünü və ən böyüyü qulun belə deməsidir: “Allahım, Sən mənim Rəbbimsən, Səndən başqa haqq məbud yoxdur, məni Sən yaratdın, mən də Sənin qulunam, bacardığım qədər Sənin əhdinə və vədinə sadiqəm. Etdiklərimin şərrindən sənə sığınıram. Sənin üzərimə olan nemətini və günahlarımı etiraf edirəm. Elə isə məni bağışla, çünki Səndən başqa heç kim günahları bağışlamaz”. Qul ilk olaraq Allahın tövhidini (təkliyini) və Uca Allahın Onun yaradıcısı olduğunu və Allahın heç bir şəriki olmadığını etiraf edir və gücü çatdığı qədər Uca Allaha iman və itaətlə bağlı verdiyi əhdinə bağlı qalacağını bildirir. Çünki qul nə qədər ibadət etsə də, Allahın ona əmr etdiyi hər bir şeyi yerinə yetirməyə və nemətlərə lazımi qədər şükür etməyə gücü çatmır. Və qul Allaha üz tutub Ona sığınmalıdır. Çünki qulun etdiyi pislikdən yalnız Allaha sığınılar. Və O, könüllü olaraq Allahın ona olan nemətini təsdiqləyir və etiraf edir. Öz nəfsinə günahını və Allaha etdiyi itaətsizliyini iqrar və etiraf edir. Allaha bu şəkildə yaxınlaşdıqdan sonra Rəbbinə dua edir ki, Allah əfvi, lütfü və rəhməti ilə onun günahlarını örtərək və onu günahlardan qoruyaraq, onu bağışlasın. Çünki Allahdan başqa heç kəs günahları bağışlamaz. Sonra o, sallallahu aleyhi və səlləm xəbər vermişdir ki, bu, səhər və axşam zikrlərindən biridir. Və hər kim günün əvvəlində, günəşin doğuşu ilə günorta vaxtı günəşin zəvalı (zeniti keçməsi) arasında, bunu ​yəqinliklə, mənalarını düşünərək və iman gətirərək desə və sonra ölsə, Cənnətə girər. Və hər kim bunu gecə-günəşin batmağından sonra səhərə kimi desə və səhər açılmamış ölsə, Cənnətə daxil olar.

Faydaları

  • Bağışlanma istəmək formaları müxtəlifdir və onların bəziləri digərlərindən daha üstündür.
  • Qul bu dua ilə Allaha dua etməyə həris olmalıdır, çünki bu dua seyyidul istiğfardır (Bağışlanma istəməyin ən fəzilətli formasıdır).

HadeethEnc.com saytında oxuyun

2 Bir dəfə

Mənası və mənbəyi

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) izzət və cəlal sahibi olan Rəbbindən rəvayət edərək belə buyurdu:

"Bir qul günah edərək: "Ey Rəbbim, günahımı bağışla!" – dedi. Müqəddəs və pak olan Allah buyurdu: "Qulum günah etdi və bildi ki, günahı bağışlayan və bu günaha görə hesaba çəkən Rəbbi vardır". Sonra qul yenidən günah etdi və dedi: "Rəbbim mənim günahımı bağışla". Müqəddəs və pak olan Allah dedi: "Qulum günah etdi və bildi ki, günahı bağışlayan və bu günaha görə hesaba çəkən Rəbbi vardır". Sonra qul yenidən günah etdi və dedi: "Rəbbim mənim günahımı bağışla". Müqəddəs və pak olan Allah dedi: "Qulum günah etdi və dərk etdi ki, günahı bağışlayan və bu günaha görə hesaba çəkən Rəbbi vardır. Nə istəsən et, artıq səni əfv etdim!".

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Dərəcəsi: Səhih

İzah

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Rəbbindən rəvayət edir ki, qul günah edib, sonra: "Allahım mənim günahımı bağışla" deyə dua edərsə, uca Allah buyurar: Qulum günah etdi və dərk etdi ki, onun günahını bağışlayan, günahını başqalarından gizlədən, əfv edən və ya bu günaha görə cəzalandıran Rəbbi vardır. Ona görə Mən onu bağışladım". Sonra qul yenidən günah edər və: "Allahım mənim günahımı bağışla" deyər, uca Allah: Qulum bir günah etdi və dərk etdi ki, onun günahını bağışlayan, eybini örtən, əfv edən və bu günaha görə cəzalandıran Rəbbi vardır, Mən qulumu bağışladım" deyə buyurar. Sonra qul yenidən günah etməyə davam edər və deyər: "Allahım mənim günahımı bağışla", və uca Allah cavabında: Qulum günah etdi və dərk etdi ki, onun günahını bağışlayan, eybini örtən, günahından keçən və bu günaha görə cəzalandıran Rəbbi vardır. Ona görə Mən qulumu bağışladım. Bir halda ki, qulum hər dəfə günah edib sonra peşman olur, günahlara dönməyəcəyinə əzm edir, lakin nəfsi ona qalib gəlir və yenidən günah edir və nə qədər ki, günah edib, sonra tövbə edəcək, bağışlanma diləyəcək, qoy qulum istədiyini etsin. Tövbə öncəkiləri yox edər" deyə buyurar.

Faydaları

  • Allahın qullarına qarşı rəhmətinin genişliyi. İnsan nə qədər günah edərsə, nə pis iş görərsə, tövbə edib Ona döndüyü təqdirdə, Allah onun tövbəsini qəbul edər.
  • Uca Allaha iman edən qul Rəbbinin əfvinə ümid edər, Onun cəzasından qorxar, tövbəyə can atar, günahda israrlı, davamlı olmaz.
  • Doğru tövbənin şərtləri: Günahı tərk etmək, günah etməkdən peşman olmaq, bu günahı təkrarlamamağa əzm etmək. Əgər tövbə, mal, ismət, can kimi, qullara edilən zülmlərdəndirsə tövbəyə bir şərt də əlavə edilir ki bu da haqq sahibindən halallıq almaq və ya ona haqqını ödəməkdir.
  • Bəndənin dini mələsələlərdə elmə yiyələnməsinə yardım edən, xəta etdikdə tövbə etməsinə, ruhdan düşməməsinə və israr etməməsinə səbəb olan Allahı, elmə əsaslanaraq tanımağın əhəmiyyəti.

HadeethEnc.com saytında oxuyun

3 Bir dəfə

Mənası və mənbəyi

Ənəs bin Malikdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyini eşitdim: "Uca Allah buyurdu: Ey Adəm oğlu, nə qədər ki, Mənə dua edib ümid bəsləyirsən, sənin etdiyin günahları bağışlayaram və onlara əhəmiyyət vermərəm. Ey Adəm oğlu, əgər sənin günahların göydəki buludlara çatsa, sonra Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram və onlara əhəmiyyət vermərəm, ey Adəm oğlu, əgər sən Mənə yer dolusu günahla gəlsən və Mənə heç bir şeyi şərik qoşmadan mənimlə qarşılaşsan, Mən səni yer dolusu bağışlanmayla qarşılayaram".

Ət-Tirmizi rəvayət etdi Dərəcəsi: Həsən

İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, Uca Allah qüdsü hədisdə buyurub: Ey Adəm oğlu, nə qədər ki, Mənə dua edib rəhmətimə ümid bəsləyirsən və ümidini kəsmirsən; bu günah və itaətsizlik böyük günahlardan olsa da belə, sənin günahını örtər və ona əhəmiyyət vermədən silərəm. Ey Adəm övladı, əgər sənin günahların göylə yerin arasını dolduraraq, onun hər tərəfinə çatıb, hər yerini bürüyəcək qədər çox olsa, sonra Məndən bağışlanma diləsən, çoxluğuna əhəmiyyət vermədən hamısını silib, bağışlayaram.

Ey Adəm övladı, əgər ölümdən sonra yer dolusu günah və asiliklə mənim yanıma gəlsən və mənə heç bir şeyi şərik qoşmadan tövhid əhli olaraq ölmüsənsə - Mən bu günah və asilikləri yer dolusu bağışlanma ilə qarşılayaram. Çünki Mən bağışlaması geniş olanam və şirkdən başqa bütün günahları bağışlayıram.

Faydaları

  • Uca Allahın rəhmətinin, bağışlamasının və lütfünün genişliyi.
  • Tövhidin fəziləti və Allahın muvahhidlərin (Allaha, heç bir şeyi şərik qoşmadan ibadət edən kəslərin) günah və asiliklərini bağışlaması.
  • Şirkin təhlükəsi və Allahın müşrikləri bağışlamaması.
  • İbn Rəcəb demişdir: "Bu hədis özündə, günahların bağışlanmasının hasil olduğu üç səbəbi əhatə etmişdir: Birincisi: ümid edərək dua etmək, ikincisi: istiğfar - Allahdan bağışlanma diləmək və tövbə etmək, üçüncüsü: tövhid üzərində ölmək".
  • Bu hədis Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) öz Rəbbindən nəql etdiyi hədisdir və o qüdsü və ya ilahi hədis adlanır və onun ləfzi və mənası Allahdandır, lakin Quranın hər şeydən fərqləndiyi, qiraəti ilə ibadət etmək, onun üçün təmiz olmaq, onunla (kafirlərə) meydan oxumaq və onları aciz buraxmaq və digər özünəməxsus xüsusiyyətləri onda yoxdur.
  • Günahlar üç növdür: Birincisi: Allaha şərik qoşmaq; və bunu Allah bağışlamır, İzzət və Cəlal sahibi olan Allah buyurur: "Həqiqətən, kim Allaha şərik qoşarsa, Allah ona Cənnəti haram etmişdir" [Maidə 5 surəsi, ayə 72]. İkincisi: Qulun Rəbbi ilə öz arasında olan günah və asiliklərlə özünə zülm etməsi: İzzət və cəlal sahibi olan Allah istəsə bunu bağışlayar və üzərindən keçər. Üçüncüsü. Allahın heç birini (cəzasız) buraxmadığı günahlardır ki, bu da, qulların bir-birinə zülm etməsidir, onlara görə də (quldan) qisas alınacaqdır.

HadeethEnc.com saytında oxuyun

Suallar

Bu səhifədə nə var?

İstiğfar duası: hər biri ərəbcə mətni, mənası, mənbəyi olan hədis, dərəcəsi və izahı ilə.

Tərcümələr haradan götürülüb?

Tərcümə olunmuş Peyğəmbər hədisləri ensiklopediyası HadeethEnc.com saytından. Hər hədis onların dərc etdiyi kimi, mənbəyi və dərəcəsi ilə, əslinə keçidlə göstərilir.

Gündəlik xatırlatma ala bilərəmmi?

Bəli. Android üçün pulsuz Qabas tətbiqi hər gün səhər və axşam zikrlərini xatırladır və eyni sayğaca malikdir.