11 dərsdən 8-ci dərs
İslam günahsız insanları öldürməyə icazə verirmi?
Qısa cavab
Xeyr. İslam günahsız insanın canını almağı qadağan edir. Quran deyir ki, Allah hökm etmişdir: kim bir insanı haqsız yerə öldürərsə, bütün insanları öldürmüş kimi olar, kim də onu xilas edərsə, sanki bütün insanları xilas etmiş kimi olar. Müharibədə müsəlmanlar yalnız düşmən döyüşçüləri ilə vuruşa bilər və qadınları, uşaqları, qocaları və döyüşməyən digər insanları heç vaxt öldürməməlidirlər. Peyğəmbər xəbərdarlıq etmişdir ki, müsəlmanlar tərəfindən təhlükəsizlik vədi verilmiş qeyri-müsəlmanı öldürən kəs Cənnətin qoxusunu belə duymayacaq.
Qabas tərəfindən yazılıb və Qurani-Kərimin Müxtəsər təfsiri, İbn Kəsir təfsiri və HadeethEnc.com şərhləri əsasında yoxlanılıb.
Qurandan
مِنۡ أَجۡلِ ذَٰلِكَ كَتَبۡنَا عَلَىٰ بَنِيٓ إِسۡرَٰٓءِيلَ أَنَّهُۥ مَن قَتَلَ نَفۡسَۢا بِغَيۡرِ نَفۡسٍ أَوۡ فَسَادٖ فِي ٱلۡأَرۡضِ فَكَأَنَّمَا قَتَلَ ٱلنَّاسَ جَمِيعٗا وَمَنۡ أَحۡيَاهَا فَكَأَنَّمَآ أَحۡيَا ٱلنَّاسَ جَمِيعٗاۚ وَلَقَدۡ جَآءَتۡهُمۡ رُسُلُنَا بِٱلۡبَيِّنَٰتِ ثُمَّ إِنَّ كَثِيرٗا مِّنۡهُم بَعۡدَ ذَٰلِكَ فِي ٱلۡأَرۡضِ لَمُسۡرِفُونَ ﴿٣٢﴾
Buna görə də İsrail oğullarına yazıb buyurduq ki, kim bir cana qəsd etməyən və ya yer üzündə fitnə-fəsad törətməyən bir şəxsi öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu (ölümdən) xilas edərsə, sanki bütün insanları xilas etmiş kimi olar. Peyğəmbərlərimiz onlara aydın dəlillər gətirmişdilər. Amma bundan sonra da onların çoxu yer üzündə həddi aşdılar.
Ayələrin izahı
Qabil qardaşını öldürdüyün görə də İsrail oğullarına bildirdik ki, kim bir cana qisas səbəbi ilə qəsd etməyən və ya yer üzündə küfür, quldurluq edərək fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüş kimi olar. Çünki onun üçün cinayətkarla günahsız insan arasında fərq yoxdur. Kim də uca Allahın öldürməyi haram etdiyi bir nəfsi haram olduğunu etiqad edərək öldürməkdən əl çəkib, qətlə yetirməzsə, sanki bütün insanları diriltmiş kimi olar. Çünki onun bu əməli bütün insanların salamat qalmasıdır. Artıq peyğəmbərlərimiz İsrail oğullarına açıq-aydın dəlillər və sübutlar gətirmişdilər. Amma buna baxmayaraq onların çoxu yenə də günahlar etməklə və onlara göndərilən elçilərə müxalif olmaqla Allahın qoyduğu hüdudları aşırlar.
وَقَٰتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ ٱلَّذِينَ يُقَٰتِلُونَكُمۡ وَلَا تَعۡتَدُوٓاْۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡمُعۡتَدِينَ ﴿١٩٠﴾
Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevməz.
Ayələrin izahı
Sizi Allahın dinindən yayındırmaq üçün sizinlə vuruşan kafirlərə qarşı -Allahın kəlməsini uca tutmaq üçün- sizdə vuruşun. Uşaqları, qadınları və qocaları öldürmək, yaxud da düşməni öldürdükdən sonra meyitə işgəncə vermək və s. buna oxşar şeylər etməklə həddinizi aşmayın. Həqiqətən, Allah, qoyduğu şəriəti və verdiyi hökmləri aşan kimsələri sevməz.
Sünnədən
Abdullah bin Amr bin As (Allah hər ikisindən razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Kim əhd verilən birini öldürərsə, Cənnətin iyini almaz. Halbuki onun iyi qırx illik məsafədən hiss edilir".
İzah
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etmişdir ki, kim muahadı - muahad isə, müsəlman ölkəsinə əhd və əmin-əman içində daxil olmasına izin verilən kafirdir - öldürərsə, onu öldürən kimsə Cənnətin iyini belə hiss etməyəcəyək. Halbuki onun iyi qırx illik məsafədən hiss edilir.
Abdullah bin Ömərdən (Allah ondan və atasından razı olsun) rəvayət edilir ki: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bəzi döyüşlərində bir qadın öldürülmüş halda tapıldı. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) qadınların və uşaqların öldürülməsini pislədi.
İzah
Peyğəmbər -sallallahu aleyhi və səlləm- döyüşlərin birində bir qadının öldürüldüyünü gördü və qadınların və həddi-buluğ (mükəlləfiyyət) yaşına çatmamış uşaqların öldürülməsini qadağan etdi.