وَإِذۡ تَقُولُ لِلَّذِيٓ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِ وَأَنۡعَمۡتَ عَلَيۡهِ أَمۡسِكۡ عَلَيۡكَ زَوۡجَكَ وَٱتَّقِ ٱللَّهَ وَتُخۡفِي فِي نَفۡسِكَ مَا ٱللَّهُ مُبۡدِيهِ وَتَخۡشَى ٱلنَّاسَ وَٱللَّهُ أَحَقُّ أَن تَخۡشَىٰهُۖ فَلَمَّا قَضَىٰ زَيۡدٞ مِّنۡهَا وَطَرٗا زَوَّجۡنَٰكَهَا لِكَيۡ لَا يَكُونَ عَلَى ٱلۡمُؤۡمِنِينَ حَرَجٞ فِيٓ أَزۡوَٰجِ أَدۡعِيَآئِهِمۡ إِذَا قَضَوۡاْ مِنۡهُنَّ وَطَرٗاۚ وَكَانَ أَمۡرُ ٱللَّهِ مَفۡعُولٗا ٣٧
Wa idh taqūlu lilladhī an'amallāhu 'alayhi wa an'amta 'alayhi amsik 'alayka zawjaka wattaqillāha watukhfī fī nafsika mallāhu mubdīhi watakhshan-nāsa wallāhu ahaqqu an takhshāhu falammā qadā zaydum minhā wataran zawwajnākahā likay lā yakūna 'alal-mu'minīna harajun fī azwāji ad'iyā'ihim idhā qadaw minhunna wataran wakāna amrullāhi maf'ūlā
Bir zaman Allahın (İslama yönəldərək) nemət verdiyi və sənin də (köləlikdən azad edərək) nemət verdiyin (Zeydə): “Zövcəni öz yanında saxla, Allahdan qorx!”– deyirdin. Allahın aşkar edəcəyi şeyi (Zeyd zövcəsini boşayacağı təqdirdə onla evlənəcəyini) ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları zövcələrini boşadıqları zaman (o qadınlarla evlənməkdə) möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetəcək.
Təfsir
Ey Peyğəmbər, bir zaman Allahın İslam neməti bəxş etdiyi və sənin azad etdiyin Zeyd ibn Harisə (radiyallahu anhumə) sənin yanına gəlib zövcəsi Zeynəb bint Cəhşi boşamaq xüsusunda səninlə məşvərət etdikdə, sən ona: “Zövcəni öz yanında saxla, onu boşama və Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorx!”– demişdin. Ey Peyğəmbər, Allahın sənə vəhy etdiyi - sənə Zeynəblə evlənməyi buyurduğunu ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Allah Zeydin onu boşayacağını, sonra da, sənin onunla evlənəcəyini aşkara çıxaracaq. Əslində, bu işdə qorxmalı olduğun məhz Allahdır. Zeydin nəfsi zövcəsini istəmədikdə və artıq onu boşadıqda, Biz səni Zeynəblə evləndirdik ki, oğulluqları övrətlərini boşadıqdan və onların gözləmə müddəti başa çatdıqdan sonra o qadınlarla evlənməkdə möminlərə heç bir günah olmasın. Allahın əmri mütləq yerinə yetəcək. Heç bir şey ona mane olmaz və onun qarşısı alınmaz.