Al-Baqarah surəsi, ayə 275

2:275

ٱلَّذِينَ يَأۡكُلُونَ ٱلرِّبَوٰاْ لَا يَقُومُونَ إِلَّا كَمَا يَقُومُ ٱلَّذِي يَتَخَبَّطُهُ ٱلشَّيۡطَٰنُ مِنَ ٱلۡمَسِّۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُوٓاْ إِنَّمَا ٱلۡبَيۡعُ مِثۡلُ ٱلرِّبَوٰاْۗ وَأَحَلَّ ٱللَّهُ ٱلۡبَيۡعَ وَحَرَّمَ ٱلرِّبَوٰاْۚ فَمَن جَآءَهُۥ مَوۡعِظَةٞ مِّن رَّبِّهِۦ فَٱنتَهَىٰ فَلَهُۥ مَا سَلَفَ وَأَمۡرُهُۥٓ إِلَى ٱللَّهِۖ وَمَنۡ عَادَ فَأُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ٢٧٥

Alladhīna ya'kulūnar-ribawā lā yaqūmūna illā kamā yaqūmul-ladhī yatakhabbatuhush-shaytānu minal-massi dhālika bi annahum qālū innamal-bay'u mithlur-ribawā wa ahallallāhul-bay'a waharramar-ribawā faman jā'ahū maw'izatum mir rabbihī fantahā falahū mā salafa wa amruhū ilallāhi waman 'āda fa ulā'ika ashābun-nāri hum fīhā khālidūn

Sələm yeyənlər (qəbirlərindən), şeytan toxunmuş dəlinin qalxdığı kimi qalxarlar. Bu, onların: “Alış-veriş də sələmçilik kimidir!”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra (sələmçiliyə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur. Onun işi Allaha qalar. Kim yenə (sələmçiliyə) qayıdarsa, məhz onlar cəhənnəmlik olar və orada əbədi qalarlar.

Təfsir

Sələmlə müamələ edib onu alanlar Qiyamət günü qəbirlərindən şeytan toxunmuş kimsənin qalxdığı kimi qalxarlar. O, qəbrindən qalxdıqda, özündən gedən insan kimi gah yıxılaraq, gah da ki, ayaq üstə duraraq qalxar. Bu, onların özlərinə sələm yeməyi halal etdikləri və sələm ilə Allahın halal etdiyi alış-verişin arasında fərq qoymadan: "Alış-veriş də halallıq baxımından sələmçilik kimidir və sonda hər ikisi də malı artırıb çoxaldır!"– demələrinə görə idi. Allah onların bu iddialarını rədd edib, etdikləri müqayisəni batil və dedikləri sözün isə yalan olduğunu bildirmişdir. Uca Allah alış-verişdə ümumi və xüsusi mənfəətlər olduğu üçün onu halal, sələmçiliyin isə zülm və insanların mallarını heç bir qarşılıqsız, batil yolla yemək olduğunu bəyan etmişdir. Hər kim özünə, Rəbbindən sələmin qadağan olması xəbəri gəldikdən sonra sələmçiliyə son qoyub və ondan Allaha tövbə edərsə, keçmişdə aldığı sələmlər ona bağışlanar, buna görə ona günah olmaz və bundan sonra gələcəkdə onun işi Allaha aid olar. Kim də özünə, Allahın sələmi qadağan etdiyi xəbəri çatdıqdan sonra və bunun haram olduğunu bildiyi halda yenidən sələmə qayıdarsa, o, Cəhənnəmə daxil olmağa və orada əbədi qalmağa layiq görülər. Cəhənnəmdə əbədi qalmaq dedikdə, burada sələmin halal olduğunu idda edərək yeyən, yaxud orada əbədi deyil, üzün müddət qalmaq nəzərdə tutulur. Çünki Cəhənnəmdə əbədi olaraq yalnız kafirlər qalacaqlar. Amma tövhid əhli orada əbədi qalmazlar.