يَكَادُ ٱلۡبَرۡقُ يَخۡطَفُ أَبۡصَٰرَهُمۡۖ كُلَّمَآ أَضَآءَ لَهُم مَّشَوۡاْ فِيهِ وَإِذَآ أَظۡلَمَ عَلَيۡهِمۡ قَامُواْۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَذَهَبَ بِسَمۡعِهِمۡ وَأَبۡصَٰرِهِمۡۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٢٠
Yakādul-barqu yakhtafu absārahum kullamā adā'a lahum mashaw fīhi wa idhā azlama 'alayhim qāmū walaw shā'allāhu ladhahaba bisam'ihim wa absārihim innallāha 'alā kulli shay'in qadīr
Şimşək az qalır ki, onların gözlərini çıxartsın. (Şimşək) hər dəfə onların yolunu işıqlandırdıqda onun işığında gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
Təfsir
İldırım işığının parlaqlığından və ətrafı bürüməsindən az qalır ki, onların gözləri kor olsun. Hər dəfə ildırım onların yolunu işıqlıandırdıqda onlar gedər, ildırımın işığı söndükdə isə zülmətlər içərsində qalıb, heç bir hərəkət edə bilməzlər. Əgər Allah istəsəydi, yenilməz qüvvəti ilə onların haqdan üz çevirdiklərinə görə gözlərini kor, qulaqlarıni da kar edər və onlar heç bir zaman görməz və eşitməzlər. Bu misalda yağış, Qurani Kərimin misalındadır. İldırım isə, Qurani Kərimdə olan qadağaların misalıdır. Şimşək işığının misalı isə, onlara Qurandan bəzi vaxtlar da haqqın bəyan olmasıdır. İldırımdan qorxub barmaqlarını qulaqlarına tıxamalarının misalı isə, onların haqqdan üz çevirib onu qəbul etməmələridir. Münafiqlər ilə bu iki misal sahibinin arasında olan oxşarlıq isə, Qurani Kərimdən öyüd nəsihət alıb bəhrələnməməsidir. Od misalında tonqal qalayanlara, yalnız zülmət və tüstü qaldığı kimi, su misalnda da üzərlərinə leysan yağan insanlar, ildırım və şimşəkdən qorxu və narahatçılıqdan başqa bir şey əldə edə bilmədilər. Eyni ilə də münafiqlər, İslamdan şiddət və sərtlikdən başqa bir şey görməzlər.