At-Talaq surəsi, ayə 1

65:1

يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِذَا طَلَّقۡتُمُ ٱلنِّسَآءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَأَحۡصُواْ ٱلۡعِدَّةَۖ وَٱتَّقُواْ ٱللَّهَ رَبَّكُمۡۖ لَا تُخۡرِجُوهُنَّ مِنۢ بُيُوتِهِنَّ وَلَا يَخۡرُجۡنَ إِلَّآ أَن يَأۡتِينَ بِفَٰحِشَةٖ مُّبَيِّنَةٖۚ وَتِلۡكَ حُدُودُ ٱللَّهِۚ وَمَن يَتَعَدَّ حُدُودَ ٱللَّهِ فَقَدۡ ظَلَمَ نَفۡسَهُۥۚ لَا تَدۡرِي لَعَلَّ ٱللَّهَ يُحۡدِثُ بَعۡدَ ذَٰلِكَ أَمۡرٗا ١

Yā'ayyuhan-nabiyyu idhā tallaqtumun-nisā'a fatalliqūhunna li'iddatihinna wa ahsul-'iddata wattaqullāha rabbakum lā tukhrijūhunna mim buyūtihinna walā yakhrujna illā an ya'tīna bifāhishatim mubayyinatin watilka hudūdullāhi waman yata'adda hudūdallāhi faqad zalama nafsahū lā tadrī la'allallāha yuhdithu ba'da dhālika amrā

Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə (iddə) müddətlərində (heyzdən pak olduqdan sonra onlarla yaxınlıq etməzdən əvvəl) boşayın. Gözləmə (iddə) müddətini hesablayın və Rəbbiniz olan Allahdan qorxun. Onları, açıq-aşkar zinakarlıq etmələri müstəsna olmaqla, evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hüdudlardır. Kim Allahın hüdudlarını aşarsa artıq özünə zülm etmiş olar. Bilmirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin qəlbinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar).

Təfsir

Ey Peyğəmbər! Əgər sən və ya sənin ümmətindən bir kimsə öz qadınını boşamaq istəsə, qoy onu gözləmə müddətinin əvvəlində boşasın, yəni qadın heyzdən təmizləndikdən sonra ona yaxınlıq etmədiyi halda talaq versin. Gözləmə müddətini hesablayın ki, zövcələrinizi qaytarmaq istədiyiniz təqdirdə onları qaytara biləsiniz. Allahın buyuruqlarını yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Rəbbiniz olan Allahdan qorxun. Boşadığınız qadınların gözləmə müddəti bitməyincə -açıq-aşkar zinakarlıq etmələri müstəsna olmaqla- onları yaşadıqları evlərindən qovub çıxartmayın və onlar özləri də oradan çıxmasınlar. Bu hökmlər Allahın Öz qulları üçün qoyduğu hüdudlardır. Allahın qoyduğu hüdudları aşan kimsə, Rəbbinə asilik edib özünü həlaka sürükləməklə özünə zülm etmiş sayılar. Ey zövcəsini boşayan kəs! Sən nə bilirsən, ola bilsin ki, Allah bundan sonra sənin qəlbinə istək salsın və bununla da zövcəni geri qaytarasan.