Al-Mumtahanah surəsi, ayə 10

60:10

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا جَآءَكُمُ ٱلۡمُؤۡمِنَٰتُ مُهَٰجِرَٰتٖ فَٱمۡتَحِنُوهُنَّۖ ٱللَّهُ أَعۡلَمُ بِإِيمَٰنِهِنَّۖ فَإِنۡ عَلِمۡتُمُوهُنَّ مُؤۡمِنَٰتٖ فَلَا تَرۡجِعُوهُنَّ إِلَى ٱلۡكُفَّارِۖ لَا هُنَّ حِلّٞ لَّهُمۡ وَلَا هُمۡ يَحِلُّونَ لَهُنَّۖ وَءَاتُوهُم مَّآ أَنفَقُواْۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ أَن تَنكِحُوهُنَّ إِذَآ ءَاتَيۡتُمُوهُنَّ أُجُورَهُنَّۚ وَلَا تُمۡسِكُواْ بِعِصَمِ ٱلۡكَوَافِرِ وَسۡـَٔلُواْ مَآ أَنفَقۡتُمۡ وَلۡيَسۡـَٔلُواْ مَآ أَنفَقُواْۚ ذَٰلِكُمۡ حُكۡمُ ٱللَّهِ يَحۡكُمُ بَيۡنَكُمۡۖ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ ١٠

Yā'ayyuhal-ladhīna āmanū idhā jā'akumul-mu'minātu muhājirātin famtahinūhunnallāhu a'lamu bi īmānihinna fa in 'alimtumūhunna mu'minātin falā tarji'ūhunna ilal-kuffāri lā hunna hillul lahum walā hum yahillūna lahunna wa ātūhum mā anfaqū walā junāha 'alaykum an tankihūhunna idhā ātaytumūhunna ujūrahunna walā tumsikū bi'isamil-kawāfiri was'alū mā anfaqtum walyas'alū mā anfaqū dhālikum hukmullāhi yahkumu baynakum wallāhu 'alīmun hakīm

Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları imtahan edin. Allah onların imanını daha yaxşı bilir. Əgər o qadınların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə) halaldır, nə də onlar (o kafirlər) bunlara (bu qadınlara) halaldırlar. (Kafirlərin bu qadınlara) sərf etdiklərini (mehri) özlərinə (kafir ərlərinə) qaytarın. (Həmin) qadınların mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir qadınları öz kəbininiz altında saxlamayın. (Ey Möminlər! İslama gəldikdən sonra mürtəd olan qadınlara) verdiyiniz mehri (onların kafir ərlərindən) tələb edin. (Kafirlər də İslamı qəbul edib möminlərlə evlənən qadınlara) sərf etdikləri mehri qoy (sizdən) tələb etsinlər. Bu, Allahın hökmüdür. O sizin aranızda hökm verir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.

Təfsir

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Mömin qadınlar kafir diyarından hicrət edib sizin yanınıza - İslam diyarına gəldikləri zaman onları imanlarının doğru olub-olmaması xüsusunda imtahana çəkin. Allah onların imanını daha yaxşı bilir. Onların qəlbinin ört-basdır etdiyi şey Ondan gizli qalmaz. Əgər bu imtahandan sonra o qadınların imanlarında sadiq olduqları sizə bəlli olsa, onları kafir ərlərinə qaytarmayın. Nə mömin qadınların kafirlərə ərə getməsi, nə də kafirlərin mömin qadınlarla evlənməsi halaldır.Bu qadınların ərlərinin onlara xərclədikləri mehri özlərinə qaytarın. Ey möminlər! Həmin qadınların iddə müddəti başa çatdıqdan sonra, mehrlərini özlərinə verdiyiniz halda onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kimin də qadını kafirdirsə və ya İslamdan dönmüşdürsə, qoy onu kəbini altında saxlamasın. Çünki mürtədd olmaq kəbini pozan amillərdən biridir. Siz kafirlərdən dindən dönmüş zövcələrinizə sərf etdiyiniz mehri tələb edin. Qoy onlar da İslamı qəbul etmiş zövcələrinə sərf etdikləri mehri sizdən tələb etsinlər. Bu deyilənlər, - sizin onlara, onların da sizə mehri qaytarması, - Allahın hökmüdür. Pak və müqəddəs Allah istədiyi kimi sizin aranızda hökm verir. Allah Öz qullarının halını və onların əməllərini bilir. Heç bir şey Ona gizli qalmaz və O, Öz qulları üçün qoyduğu şəri qanunlarında hikmət sahibidir.