Al-Kahf surəsi, ayə 58

18:58

وَرَبُّكَ ٱلۡغَفُورُ ذُو ٱلرَّحۡمَةِۖ لَوۡ يُؤَاخِذُهُم بِمَا كَسَبُواْ لَعَجَّلَ لَهُمُ ٱلۡعَذَابَۚ بَل لَّهُم مَّوۡعِدٞ لَّن يَجِدُواْ مِن دُونِهِۦ مَوۡئِلٗا ٥٨

Warabbukal-ghafūru dhur-rahmati law yu'ākhidhuhum bimā kasabū la'ajjala lahumul-'adhāba bal lahum maw'idul lan yajidū min dūnihī maw'ilā

Rəbbin Bağışlayandır, mərhəmət sahibidir. Əgər (Allah) onları qazandıqları günahlara görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi. Lakin onların öz vaxtı vardır. (Əzab gələcəyi vaxt) onlar heç bir sığınacaq tapa bilməyəcəklər.

Təfsir

Peyğəmbər -sallallahu aleyhi və səlləm- onu təkzib edənlərə tez bir zamanda əzabın gəlməsini istəməməsi üçün Uca Allah ona belə buyurmuşdur: "Ey Peyğəmbər! Rəbbin Ona tövbə edən qullarının günahlarını bağışlayandır. Mər­həmət sahibidir. Onun mərhəməti hər şeyi ehtiva etmişdir. Günahkarların tövbə etmələrini ümid edərək onlara möhlət verməsi də, Uca Allahın Öz qullarına olan mər­həmətindəndir. Əgər Uca Allah Ondan üz çevirən qullarına əzabı tezləşdirsəydi, bu zaman onla­rı dünya həyatında cəzalandırmış olardı. Lakin O, həlimdir, rəhimlidir, qulları tövbə etsinlər deyə əzabı onlardan gecikdirər. Əksinə, onlar tövbə etməyəcəkləri təqdirdə, etdikləri küfrlərə və haqdan uzaqlaşdıqlarına görə cəzasını almaları üçün əvvəlcədən təyin edilmiş məkan və zaman vardır. Əzab gə­ləcəyi vaxt onlar Allahdan başqa heç bir sığına­caq tapa bilməyəcəklər.