Al-Hashr surəsi, ayə 2

59:2

هُوَ ٱلَّذِيٓ أَخۡرَجَ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ مِن دِيَٰرِهِمۡ لِأَوَّلِ ٱلۡحَشۡرِۚ مَا ظَنَنتُمۡ أَن يَخۡرُجُواْۖ وَظَنُّوٓاْ أَنَّهُم مَّانِعَتُهُمۡ حُصُونُهُم مِّنَ ٱللَّهِ فَأَتَىٰهُمُ ٱللَّهُ مِنۡ حَيۡثُ لَمۡ يَحۡتَسِبُواْۖ وَقَذَفَ فِي قُلُوبِهِمُ ٱلرُّعۡبَۚ يُخۡرِبُونَ بُيُوتَهُم بِأَيۡدِيهِمۡ وَأَيۡدِي ٱلۡمُؤۡمِنِينَ فَٱعۡتَبِرُواْ يَٰٓأُوْلِي ٱلۡأَبۡصَٰرِ ٢

Huwal-ladhī akhrajal-ladhīna kafarū min ahlil-kitābi min diyārihim li awwalil-hashri mā zanantum an yakhrujū wazannū annahum māni'atuhum husūnuhum minallāhi fa atāhumullāhu min haythu lam yahtasibū waqadhafa fī qulūbihimur-ru'ba yukhribūna buyūtahum bi aydīhim wa aydil-mu'minīna fa'tabirū yā'ulil-absār

Kitab əhlindən kafir olanları (Mədinə ətrafında yaşayan Bəni Nadir qəbiləsini) ilk sürgündə yurdlarından çıxardan Odur. (Ey möminlər!) Siz onların (öz yurdlarından) çıxacaqlarını zənn etmirdiniz. Onlar da qalalarının onları Allahdan qoruyacağını zənn edirdilər. Allah isə onları gözləmədikləri yerdən haqlayıb qəlblərinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. İbrət alın, ey ağıl sahibləri!

Təfsir

Allaha küfr etmiş və Onun rəsulu Muhəmmədi (səllallahu aleyhi və səlləm) yalançı saymış bənu-Nədir qəbiləsini ilk dəfə toplayıb Mədinədəki yurdundan çıxardıb Şama sürgün edən Allahdır. Bu qəbilə yəhudilərdən olmuş Tövrat əhli idi. Onlar verdikləri əhdi pozduqdan və müşriklərlə əlbir olub peyğəmbərə qarşı çıxdıqdan sonra Allah onları Şama sürgün etmişdir. Ey möminlər! Siz onların güclü və qüdrətli olduqlarından dolayı öz yurdlarından çıxacaqlarını güman etmirdiniz. Onlar da tikdikləri möhkəm qalaları onları Allahın göndərdiyi bəladan və əzabdan qoruyacağını güman edirdilər. Belə ki, Allah Öz rəsuluna onlarla vuruşmağı və onları yurdlarından qovub çıxartmağı əmr etməklə Allahın bəlası onlara gözləmədikləri yerdən gəldi və Allah onların qəlbinə şiddətli qorxu saldı. Onlar öz evlərini içəri tərəfdən dağıdırdılar ki, müsəlmanlar o evlərdən istifadə edə bilməsinlər, müsəlmanlar isə o evləri bayır tərəfdən dağıdırdılar. Ey ağıl sahibləri! Küfr etdiklərinə görə onların başına gəlmiş müsibətdən ibrət götürün. Siz onlar kimi olmayın ki, onlara verilmiş cəza və əzab sizə də verilməsin.