يُنَادُونَهُمۡ أَلَمۡ نَكُن مَّعَكُمۡۖ قَالُواْ بَلَىٰ وَلَٰكِنَّكُمۡ فَتَنتُمۡ أَنفُسَكُمۡ وَتَرَبَّصۡتُمۡ وَٱرۡتَبۡتُمۡ وَغَرَّتۡكُمُ ٱلۡأَمَانِيُّ حَتَّىٰ جَآءَ أَمۡرُ ٱللَّهِ وَغَرَّكُم بِٱللَّهِ ٱلۡغَرُورُ ١٤
Yunādūnahum alam nakum ma'akum qālū balā walākinnakum fatantum anfusakum watarabbastum wartabtum wagharratkumul-amāniyyu hattā jā'a amrullāhi wagharrakum billāhil-gharūr
(Münafiqlər) onlara səslənib deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” (Möminlər) deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü (nifaqla və qəlbinizdə küfürü gizlətməklə) fitnəyə saldınız, (Muhammədə və möminlərə bəla üz verməsini) gözləyirdiniz, (haqqa) şübhə edirdiniz və Allahın əmri (ölüm) gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan (şeytan) Allah barəsində sizi yaman aldatdı.
Təfsir
Münafiqlər möminləri səsləyib deyəcəklər: “Məgər biz sizinlə birlikdə İslamı yaşayıb itaət etmirdikmi?” Möminlər onlara deyəcəklər: “Bəli siz bizim yanımızda idiniz, lakin münafiqlik etməklə özünüz özünüzü aldatdınz və özünüzü həlak etdiniz. Siz, möminlərə bəla üz verməsini gözləyirdiniz ki, küfrünüzü üzə çıxardasınız. Siz, Allahın möminlərə qələbə bəxş edəcəyinə və ölümdən sonra dirilməyə şübhə edirdiniz. Ölüm sizə gələnədək xülyalar sizi yoldan çıxartdı və siz dəyişmədiniz. Şeytan Allah barəsində sizi yaman aldatdı.