Al-Muzzammil surəsi, ayə 20

73:20

۞ إِنَّ رَبَّكَ يَعۡلَمُ أَنَّكَ تَقُومُ أَدۡنَىٰ مِن ثُلُثَيِ ٱلَّيۡلِ وَنِصۡفَهُۥ وَثُلُثَهُۥ وَطَآئِفَةٞ مِّنَ ٱلَّذِينَ مَعَكَۚ وَٱللَّهُ يُقَدِّرُ ٱلَّيۡلَ وَٱلنَّهَارَۚ عَلِمَ أَن لَّن تُحۡصُوهُ فَتَابَ عَلَيۡكُمۡۖ فَٱقۡرَءُواْ مَا تَيَسَّرَ مِنَ ٱلۡقُرۡءَانِۚ عَلِمَ أَن سَيَكُونُ مِنكُم مَّرۡضَىٰ وَءَاخَرُونَ يَضۡرِبُونَ فِي ٱلۡأَرۡضِ يَبۡتَغُونَ مِن فَضۡلِ ٱللَّهِ وَءَاخَرُونَ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِۖ فَٱقۡرَءُواْ مَا تَيَسَّرَ مِنۡهُۚ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَأَقۡرِضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنٗاۚ وَمَا تُقَدِّمُواْ لِأَنفُسِكُم مِّنۡ خَيۡرٖ تَجِدُوهُ عِندَ ٱللَّهِ هُوَ خَيۡرٗا وَأَعۡظَمَ أَجۡرٗاۚ وَٱسۡتَغۡفِرُواْ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمُۢ ٢٠

Inna rabbaka ya'lamu annaka taqūmu adnā min thuluthayil-layli wanisfahū wathuluthahū watā'ifatum minal-ladhīna ma'aka wallāhu yuqaddirul-layla wan-nahāra 'alima al lan tuhsūhu fatāba 'alaykum faqra'ū mā tayassara minal-qur'āni 'alima an sayakūnu minkum mardā wa ākharūna yadribūna fil-ardi yabtaghūna min fadlillāhi wa ākharūna yuqātilūna fī sabīlillāhi faqra'ū mā tayassara minhu wa aqīmus-salawāta wa ātuz-zakawāta wa aqridullāha qardan hasanan wamā tuqaddimū li anfusikum min khayrin tajidūhu 'indallāhi huwa khayran wa a'zama ajran wastaghfirullāha innallāha ghafūrur rahīm

(Ey Peyğəmbər!) Rəbbin, sənin və səninlə birlikdə olanların (səhabələrin) bir qismi (bəzən) gecənin üçdə ikisindən azını, (bəzən) yarısını, (bəzən də) üçdə birini (ibadət üçün) qalxdığınızı bilir. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi (yaxud gecəni oyaq qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün tövbələrinizi qəbul etdi. Elə isə (namaz qılarkən) Qurandan sizə müyəssər olanı oxuyun! O, bəzilərinizin xəstə olacağını, digərlərinizin Allahın lütfündən (ruzi) axtarmaq üçün səfərə çıxacağını, bir qisminizin də Allah yolunda vuruşacağını bilir. Buna görə (namaz qılarkən) ondan (Qurandan) sizə müyəssər olanı oxuyun! Namaz qılın, zəkat verin və Allaha gözəl (könül xoşluğu ilə) bir borc verin. (Dünyada) özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Allahdan bağışlanma diləyin! Allah Bağışlayandır, Rəhmlidir!

Təfsir

Ey Peyğəmbər! Həqiqətən, Rəbbin, sən və səninlə olan möminlərdən bir dəstə bəzən gecənin üçdə ikisinə yaxın qismini, bəzən yarısını, bəzən də üçdə birini ibadət üçün qalxdığınızı bilir. Gecə və gündüzün saatlarını Allah ölçüb müəyyənləşdirir. Pak və müqəddəs Allah bilir ki, siz bu saatları hesablayıb dəqiqləşdirə bilmirsiniz deyə, tələb olunanı yerinə yetirəmək üçün gecənin çox hissəsini namazda keçirmək sizə çətin gəlir. Odur ki, O, sizin tövbələrinizi qəbul etdi. Elə isə sizə asan gələcək qədər namaz qılın. Ey möminlər! Allah bilir ki, sizlərdən bəziləri xəstə olacaq və xəstəlik onları əldən salacaq, digərləri Allahın verdiyi ruzini əldə etmək üçün səfərə çıxacaq, bir qisminiz də Allahın razılığını qazanmaq və Onun kəlməsini ucaltmaq məqsədilə kafirlərlə vuruşacaq. Bu səbədən də, gecə namazını qılmaq onları məşəqqətə salacaq. Elə isə sizə asan gələcək qədər namaz qılın. Vacib namazları kamil şəkildə qılın, malınızın zəkatını verin və malınızdan Allah yolunda xərcləyin.Əvvəlcədən özünüz üçün nə xeyir tədarük etsəniz, onun daha xeyirlisilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan bağışlanma diləyin! Şübhəsiz ki, Allah tövbə edən qullarını bağışlayar və onlara rəhm edər!