وَمِنَ ٱلنَّاسِ مَن يَتَّخِذُ مِن دُونِ ٱللَّهِ أَندَادٗا يُحِبُّونَهُمۡ كَحُبِّ ٱللَّهِۖ وَٱلَّذِينَ ءَامَنُوٓاْ أَشَدُّ حُبّٗا لِّلَّهِۗ وَلَوۡ يَرَى ٱلَّذِينَ ظَلَمُوٓاْ إِذۡ يَرَوۡنَ ٱلۡعَذَابَ أَنَّ ٱلۡقُوَّةَ لِلَّهِ جَمِيعٗا وَأَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعَذَابِ ١٦٥
Waminan-nāsi man yattakhidhu min dūnillāhi andādan yuhibbūnahum kahubbillāhi walladhīna āmanū ashaddu hubba lillāhi walaw yaral-ladhīna zalamū idh yarawnal-'adhāba annal-quwwata lillāhi jamī'an wa annallāha shadīdul-'adhāb
İnsanlardan elələri də var ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da, Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı görəcəkləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini biləydilər.
Təfsir
Uca Allahın varlığına dəlalət edən bu açıq-aydın ayətlərin olmasına baxmayaraq insanlardan elələri də vardır ki, Allahdan qeyrilərini özlərinə ilah qəbul edib, onları uca Allaha tay tutur və onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi, onların Allahdan qeyrilərinə ibadət ediklərinə olan sevgisindən daha güclüdür. Çünki möminlər heç bir şeyi Allaha şərik qoşmaz və Allahı daima, xoş və çətin vaxtlarında da sevərlər. Amma onlar isə öz ilahlarını yalnız xoş vaxtlarında sevərlər, çətin vaxtlarında isə ancaq Allaha dua edərlər. Kaş ki, Allaha şərik qoşmaq və günah işlər görməklə özlərinə zülm edən kimsələr axirətdə onlara olan əzabı gördükləri zaman bütün qüvvətin yalnız tək Allaha məxsus olduğunu və Allahın, Ona asi olanlara qarşı şiddətli əzab verdiyini görəydilər. Əgər onlar bunu görsəydilər heç vaxt Allaha şərik qoşmazdılar.